media-ads-728x90
media-g8tnxroqdpyznedd6rwig31mf6v3w9tlsjytflvp_1200
media-ads-728x90

2027-ci ildə iqtisadi fəaliyyətə ayrılan vəsait 1 milyard manatdan çox artırılsa da, tikinti və şəhərsalma üzrə xərclərin azalması nəzərdə tutulur. Belə ki, Azərbaycanda 2027-ci ildə tikinti və şəhərsalma sahəsinə dövlət büdcəsindən 6 milyard 3 milyon 965 min 550 manat ayrılması proqnozlaşdırılır. Qeyd edilən rəqəm 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 198 milyon 522 min 750 manat və ya 3.2 faiz azdır.

Pressline.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsinin müqayisəsindən məlum olur.

Cari ilin büdcəsində tikinti və şəhərsalma sahəsinə 6 milyard 202 milyon 488 min 300 manat ayrılıb.

Bununla yanaşı, 2027-ci ildə iqtisadi fəaliyyət sahəsinə ümumilikdə 8 milyard 907 milyon 333 min 777 manat ayrılması planlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 7 milyard 856 milyon 634 min 765 manatlıq göstəricidən 1 milyard 50 milyon 699 min 12 manat və ya 13.4 faiz çoxdur.

Beləliklə, iqtisadi fəaliyyət üzrə ümumi xərclərin artmasına baxmayaraq, bu bölmənin tərkibində tikinti və şəhərsalmanın maliyyələşdirilməsinin 3.2 faiz azaldılması planlaşdırılıb.

Diqqətçəkən məqam odur ki, tikinti və şəhərsalma bölməsinin tərkibində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün ayrılan vəsaitin 2026-cı ildəki 2 milyard 700 milyon manatdan 2027-ci ildə 5 milyard 300 milyon manata çatdırılması planlaşdırılır. Bu isə 2 milyard 600 milyon manat və ya 96.3 faiz artım deməkdir.

İki ilin büdcə sənədlərinin müqayisəsi göstərir ki, 2026-cı ildə tikinti və şəhərsalma xərclərinin tərkibində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard 500 milyon manat ayrıca nəzərdə tutulub. Həmin məbləğ dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış 2 milyard 700 milyon manatdan əlavə göstərilib.

2027-ci ilin dövlət büdcəsi layihəsinin müvafiq maddəsində isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ayrıca xərc istiqaməti kimi göstərilmir.

Bu səbəbdən tikinti və şəhərsalma üzrə ümumi xərclərin azalması ilə dövlət investisiya xərclərinin artması arasında ziddiyyət yoxdur. Göstəricilərin müqayisəsi zamanı büdcə xərclərinin təsnifatındakı fərqə diqqət yetirilməlidir.

Eyni zamanda, 2027-ci il layihəsində bərpa xərclərinin ayrıca göstərilməməsi həmin işlərin maliyyələşdirilməsinin dayandırılması anlamına gəlmir. Sözügedən maddədə bu məqsədlə ayrılacaq vəsaitin ayrıca məbləği açıqlanmır./oxu.az


media-ads-728x90

Bənzər xəbərlər