4.07.2026

Uşaqların inkişafını dəstəkləyən qadağa: Bu, məlumatdan məhrum etmək deyil, əksinə...

 

“Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsinə məhdudiyyətin tətbiqi onların təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addım hesab oluna bilər”.

Pressline.az xəbər verir ki, bunu Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli bildirib.

Onun sözlərinə görə, son illər sosial şəbəkələrdə zərərli məzmunun, kibertəzyiq hallarının, dələduzluq cəhdlərinin və rəqəmsal asılılığın artması uşaqların qorunması üçün əlavə mexanizmlərin yaradılmasını zəruri edib:

“Belə bir məhdudiyyət uşaqların yaşlarına uyğun olmayan məlumatlarla qarşılaşma riskini azalda, onların psixoloji və emosional inkişafına mənfi təsir göstərə biləcək halların qarşısını almağa kömək edə bilər. Eyni zamanda, uşaqların sosial şəbəkələrdə keçirdikləri vaxtın azalması onların təhsilə, idmana, mütaliəyə və ailə daxilində ünsiyyətə daha çox vaxt ayırmasına şərait yarada bilər.

Yaşın yoxlanılması üçün bank kartı, mobil nömrə, elektron poçt və digər rəqəmsal identifikasiya vasitələrinin tətbiqi əvvəlki illərlə müqayisədə daha etibarlı nəzarət mexanizmi formalaşdırır. Bu sistem azyaşlıların saxta məlumatlarla hesab açmasının qarşısını əhəmiyyətli dərəcədə çətinləşdirə və platformaların məsuliyyətini artıra bilər”.

Ekspert qeyd etdi ki, bu qərarın məqsədi uşaqları internetdən və ya məlumatdan məhrum etmək deyil, onların yaşına uyğun olmayan sosial media platformalarına çıxışını tənzimləməkdir:

“Bununla da, uşaqlar xəbərləri, təhsil resurslarını, elektron kitabxanaları və digər maarifləndirici platformaları əvvəlki kimi istifadə edə biləcəklər. Beləliklə, həm onların informasiya əldə etmək hüququ qorunacaq, həm də rəqəmsal təhlükəsizlikləri daha etibarlı şəkildə təmin ediləcək.

Ümumilikdə, bu təşəbbüs uşaqların sağlam inkişafını dəstəkləyən, valideynlərin məsuliyyətini artıran və rəqəmsal mühitin daha təhlükəsiz olmasına xidmət edən müsbət addım kimi qiymətləndirilə bilər”./ Müəllif:Roza Şəfiyeva

Xəbər lenti