“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib
Məhkəmə-Hüquq Şurası tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni redaksiyada qəbul edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” Azərbaycan Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Pressline.az xəbər verir ki, kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.
Kodeksin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunmasına xidmət etməkdir.
Sənəddə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük, ictimai davranış və sosial məsuliyyətlilik, media və sosial şəbəkələrlə münasibətlər, əmək və icra intizamı, habelə hakimlər arasında peşə həmrəyliyi ilə bağlı məsələlər öz əksini tapıb.
Həmçinin, Kodeksdə etik davranış qaydalarına dair maarifləndirmə və mübahisələrin həlli məqsədilə Etik Davranış üzrə Etika Komissiyasının yaradılması da nəzərdə tutulub.
Qeyd edək ki, bu Kodeksin qəbul edilməsi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” qüvvədən düşüb./report.az








