media-ads-728x90
media-resize-3
media-ads-728x90

Milli Məclisin plenar iclasında Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Razi Nurullayev çıxış edərək məhkəmə islahatları ilə bağlı mühüm məqamlara diqqət çəkib.

Pressline.az xəbər verir ki, deputat bildirib ki, təqdim olunan dəyişikliklər məhkəmə sisteminin daha çevik və səmərəli fəaliyyət göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır. R.Nurullayev məhkəmə aidiyyəti ilə ərazi aidiyyəti arasındakı fərqlərin dəqiqləşdirilməsini, prosessual qaydaların sistemləşdirilməsini və işlərə baxılma müddətlərinin azaldılmasını müsbət addımlar kimi dəyərləndirib. Lakin parlamentari xüsusi olaraq vurğulayıb ki, məhkəmə icraatının sürətləndirilməsi vətəndaşın hüquqlarının müdafiəsi hesabına baş verməməlidir.

O, ərazi aidiyyəti qaydalarının pozulmasına görə məhkəmə qərarlarının ləğvinin məhdudlaşdırılması məsələsinin diqqətlə qiymətləndirilməsini vacib sayıb. Deputatın sözlərinə görə, sırf texniki pozuntular səbəbindən proseslər illərlə uzanmamalıdır, lakin aidiyyət pozuntusu vətəndaşın qanuni məhkəmədə baxılmaq hüququna, işin obyektiv araşdırılmasına və müdafiə imkanlarına təsir göstərirsə, bu hal hüquqi qiymətləndirmədən kənarda qala bilməz.

Razi Nurullayev apellyasiya şikayətlərinə tək hakim tərəfindən baxılması yanaşmasının iş yükünü azaltmağa kömək edəcəyini və bunu dəstəklədiyini qeyd edib. Bununla belə, o əlavə edib ki, əsas meyar yalnız sürət deyil, ədalətli araşdırmanın keyfiyyəti olmalıdır, çünki kiçik iddialarda mübahisələndirilən məbləğ az görünsə də, vətəndaş üçün böyük əhəmiyyət kəsb edə bilər. Deputat bu maddəyə xüsusi hallar, istisnalar və müvafiq şartlərin əlavə olunmasını təklif edib.

Yazılı icraatın genişləndirilməsini də məqsədəuyğun hesab edən R.Nurullayev tərəflərin dinlənilməsinin vacib olduğu məqamlarda şifahi baxış və mövqeyini əsaslandırmaq imkanlarının qorunmalı olduğunu bildirib. Deputat çıxışının sonunda qeyd edib ki, məhkəmə islahatının əsas göstəricisi yalnız sürətli qərarlarla deyil, vətəndaşın ədalətə daha asan çıxışı və hüquqlarının etibarlı qorunması ilə ölçülməlidir./yenisabah.az


media-ads-728x90

Bənzər xəbərlər