Ukraynanın Rusiyaya hücumu nəticəsində 4 nəfər ölüb
Rusiyanın Voronej və Belqorod şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində dörd nəfər həlak olub, onlarla insan yaralanıb.
Pressline.az xəbər verir ki, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev iki kişinin öldüyünü, biri uşaq olmaqla 17 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, Somovo stansiyasında PUA hücumu nəticəsində Anapa–Moskva sərnişin qatarı da zədələnib, beş sərnişin xəsarət alıb.
Belqorod vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev isə şəhərə dron zərbəsi nəticəsində iki mülki şəxsin öldüyünü, daha 18 nəfərin yaralandığını açıqlayıb.
Rusiyanın nəzarətində olan Melitopol şəhərində də hücum nəticəsində iki uşaq və bir kişinin yaralandığı bildirilib. Bu barədə Rusiyanın Zaporojye vilayətinə təyin etdiyi rəhbər Yevgeni Balitski məlumat verib.
Rusiya rəsmiləri hücumlara görə Ukrayna Silahlı Qüvvələrini ittiham ediblər.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində Ukraynanın logistika mərkəzlərinə, enerji obyektlərinə və limanlarına, həmçinin Ukrayna ordusunun maraqları üçün istifadə olunduğunu iddia etdiyi gəmilərə zərbələr endirildiyini açıqlayıb.








