3.07.2026

Sertifikasiyadan keçə bilməyən müəllimləri nə gözləyir? -DOSENT DANIŞDI

 

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatıb. Nəticədə 9 min müəllim sertifikatlaşdırmadan keçə bilmədiyi üçün əmək fəaliyyətini dayandırmalı olacaq.

Pressline.az xəbər verir ki, ölkədə əmək bazarının məhdud olduğunu nəzərə alsaq, həmin şəxslərin böyük hissəsinin dövlət və ya özəl sektorda yeni iş tapması asan görünmür. Bu isə işsizlərin sırasına minlərlə ali təhsilli vətəndaşın qoşulacağı anlamına gəlir.

Bəs sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər üçün hər hansı dəstək proqramı nəzərdə tutulub?

Onların gələcək məşğulluğu necə təmin ediləcək?

Mövzu ilə bağlı danışan təhsil eksperti,  dosent İlham Əhmədov qeyd edib ki, sertifikatlaşdırma, dərs saatlarının azlığı, əməkhaqlarının aşağı olması və müəllimlərin daim imtahan gərginliyi altında saxlanılması bu peşə sahiblərinə mənfi təsir göstərib:

“Azərbaycanda məşğulluqla bağlı ciddi problemlər var. İşsizlərin sayı artır, bir çox sahədə ixtisarlar aparılır. Digər tərəfdən, təhsil sistemində keçirilən sertifikatlaşdırma nəticəsində 10 minə yaxın müəllim işdən ayrılıb.

Nazir bildirib ki, onların bir qismini müxtəlif yollarla yenidən məşğulluğa cəlb etmək mümkün ola bilər. Digər bir göstəriciyə görə isə son beş ildə müəllimlərin sayı təxminən 150 mindən 100 mindən aşağı səviyyəyə enib.

 Nəticədə, bir çox müəllim öz peşəsindən narazıdır. Bu iş artıq nə maddi, nə də mənəvi baxımdan onlara yetərli təminat və məmnunluq verir.

Diqqət çəkən başqa bir məqam da budur ki, sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin sayı təxminən 10 min olsa da, ümumilikdə müəllimlərin sayı 50 minə yaxın azalıb. Bu isə o deməkdir ki, təxminən 40 min nəfərlik azalma başqa səbəblərlə baş verib. Bunun hansı yollarla həyata keçirildiyi və məqsədinin nə olduğu barədə müxtəlif mülahizələr var”.

Dosent hesab edir ki, bu addımların əsas məqsədlərindən biri maliyyə vəsaitinə qənaət etməkdir:

“Lakin burada başqa bir sual da yaranır. Son iki-üç ildə təhsil sahəsinə ayrılan büdcə tarixdə ən yüksək səviyyəyə çataraq təxminən 5 milyard manata yüksəlib.

Belə olan halda, 5 milyard manatlıq büdcənin mövcud müəllimlərin əməkhaqlarını ödəməyə kifayət etməməsi suallar doğurur. Halbuki, əvvəlki illərdə təxminən 150 min müəllim 2 milyard manatlıq təhsil büdcəsi ilə fəaliyyət göstərirdi.

Bu isə onu göstərir ki, təhsil sahəsində büdcənin planlaşdırılması və vəsaitin bölgüsü ilə bağlı ciddi problemlər mövcuddur. Mövcud anlaşılmazlıqların əsas səbəblərindən biri də məhz bu ola bilər”.  / Şəbnəm Rəhimova

Xəbər lenti