Son 6 ildə 953 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurumun həyata keçirdiyi reinteqrasiya tədbirləri ilə 953 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Pressline.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir.
“Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.
Ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparır. Ötən dövrdə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, hər il olduğu kimi, bu il də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, oktyabrın 20-dən noyabrın 20-dək olan müddət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilib.
Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasıdır.
Uşaqların ailə mühitində böyümək və yaşamaq hüququ da onların ən mühüm hüquqlarından biridir.








