TƏRANƏ MƏMMƏD
“SİRR” romanı
İKİNCİ HİSSƏ
Azad bunu heç cür anlaya bilməsə də, artıq bu vəziyyəti qəbul etmişdi. Hətta anasının ölümündən sonra da, atasının həmin qadının qəbrini ziyarət etməsi Azadı heç təəccübləndirmirdi.
Samir qara lentlə bağlanmış bir dəstə ağ gülün hara aparıldığını çox gözəl bilirdi, amma bir dəfə də olsun Elçindən heç nə soruşmamışdı.
Samirin gül salonu şəhərin mərkəzində yerləşirdi. Balaca boylu, qara gözlü bu oğlan həmin salonu Elçinın köməyi ilə açmışdı. Bu qızıl xasiyyətli oğlan hər dəfə Elçini görəndə, sanki doğma insanını görürdü. Ayda bir dəfə, həftənin dördüncü günü Samir işə gələn kimi bir dəstə ağ gülü qara lentlə bağlayıb qırağa qoyurdu. Bilirdi ki, Elçin gəlib götürəcək. Keçmiş məhəbbəti haqda Elçin ona bir qədər danışmışdı. Sevdiyi qadını unuda bilmədiyini dedikdən sonra Samirin Elçinə hörməti birə beş artmışdı. O, həmişə düşünürdü ki, yalnız Elçin kimi sevə bilsə, evlənə bilər. Başqa çür sevgini qəbul etmirdi. Samirin də Elçinin həyatında xüsusi yeri var idi.
Əslən Maştağalı olan bu cavan oğlan, o qədər tərbiyəli, o qədər ləyaqətli və təmkinli idi ki, Elçinin fikrincə əgər Samirin yetərincə pulu və cəmiyyətdə müəyyən mövqei olsaydı, o, mütləq şəhərin sayılan, seçilən insanlarından biri olardı. Samir əsl azərbaycanlı kişilərinə xas olan cəhətlərin çoxuna malik idi. Elçin həmişə ona diplomsuz alim deyirdi. Çünki bu orta məktəb təhsilli oğlan bir çox klassiklərin qəzəllərini əzbərdən bilir, yeni nəşr olunan kitabların əksəriyyətini oxuyurdu. Samir qonşularında yaşayan cavanlarla çox az təmasda olurdu. On-lardan bir neçə nəfərin tiryək çəkdiklərini bilirdi. Hətta, bir dəfə ona da tiryək təklif olunduqda və Samir imtina etdikdə qonşu uşaqları ona qorxaq da demişdilər. Samirin yeganə arzusu xəstə anasına dərman almaq üçün pul qazanmaq idi. O, qonşuluqdakı maşın təmiri sexində işləyir, evə gündəlik çörəkpulu gətirirdi.
Günlərin bir günü Samir dostuyla görüşüb axşam yeməyi yemək üçün sahildə yerləşən restoranların birina gedir. Başqa bir masada oturan cavan oğlanların özlərini ləyaqətsiz apardıqlarını görən Samir onlara danışıqlarına fikir verməyi tövsiyə etdikdə aralarında münaqişə yaranır və həmin oğlanlardan biri Samirə əl qaldırır. Özünü müdafiə etmək istəyən Samir qarşısındakı oğlanı vurmaq istədikdə bayaqdan başqa masada oturub bu davaya kənardan tamaşa edən Elçin onun əlindən yapışıb geri çəkir. “Qarışma! Mən onları tanıyıram. Özünü işə salarsan”, deyib, Samiri öz oturduğu masaya tərəf çəkir.
Bir neçə dəqiqə ərzində restorana gələn polislər Samiri yaxalayıb aparmaq istəyəndə Elçin polislərə yaxınılaşıb məsələni həll edir və onlarla danışıb bu cavan oğlanın heç bir günahı olmadığını deyir. O axşam Elçin də restorana bir qədər fikrini dağıtmaq, başına gələn hadisə dən uzaqlaşmaq üçün gəlmişdi. Samirə rast gəlməsəydi bu axşam sərxoş olub hər şeyi unutmaq fikrindəydi. Adi bir təsadüf bu iki insanı görüşdürdü və ömürlük dost, qardaş etdi. O gündən etibarən Elçin Samirə böyük qardaş oldu. Əgər o gün Elçin orada olmasaydı, bəlkə da Samirin hayatı tamam başqa cür olardı.
Elçin Samiri öz ofisinə işə dəvət etdi. Samir xəstə anasını tək qoyub hər gün şəhərə gəlib gedə bilməyəcəyini Elçinə dedikdə, o, bu cavan oğlanın nə qədər saf, ləyaqətli olduğunu bir daha gördü və ona hörməti bir az da artdı.
Sonralar Samir deyirdi ki, Elçin müəllimi mənə Allah yetirib. Ona görə ki, mən bu həyatda yolumu azmayım. Samir dəfələrlə çarəsizlikdən, pulsuzluqdan dəli olmaq dərəcəsinə çatmışdı. Elçinlə dostlaşdıqdan sonra onda yaşamaq həvəsi yaranmışdı. Bir dəfə söhbət əsnasında Elçin Samirdən nəyi bacardığını soruşdu. Samir dərin dan ah çəkib:
– Ehhh! Bir gül dükanım olsaydı, bilirsən nələr edərdim? Gül biznesi başqa aləmdi. Elə buketlər bağlayardım ki? – deyə cavab verdi.
Bu söhbəti yadında saxlayan Elçin günlərin bir günü Samirə lazımı qədər pul verib dedi:
– Samir, bu pulu sənə verirəm. Əgər bu pulla gül biznesi yarada bilsən, bilərəm ki, oğulsan.
Samir əvvəl puldan imtina etdi, ancaq sonra pulu götürüb:
– Elçin müəllim, söz verirəm ki, bu pulu üç qat sənə qaytaracam.
Doğrudan da, bir neçə ildən sonra Samirin gül biznesi inkişaf etdi. O, şəhərin mərkəzində “Arzu” adlı gül salonu açdı. Hamı elə bilirdi ki, Arzu Samirin sevdiyi qızın adıdır. Əslində, bu Samirin içindən gələn arzusu idi. O, əhd etmişdi ki, həmin arzusu yerinə yetsə, salondakı bü-tün gülləri tanıdığı və tanımadığı insanlara paylayacaq. O arzu, qələbə arzusuydu. Samir ordumuzun Şuşada, Qarabağda zəfərini səbirsizliklə gözləyirdi.
Samirin rəhmətlik atası Milli Azadlıq hərəkatırın iştirakçısı idi. Siyasətin nə olduğunu çətin dərk etməyinə baxmayaraq, millətini, xalqını həmişə azad görmək istəyirdi. Belə ki, 90-cı illərdə Azadlıq meydanında “Qarabağa Azadlıq!” şüarıyla çıxış edənlərdən biri də, elə Sa-mirin atası idi.
1990-cı ilin Qanlı Yanvarında işğalçı Sovet ordusu Bakının kücələrində dinc əhalini qanına qəltan edan günlərdə paytaxtın kücələrini qərənfillərlə al rəngə boyayan da, məhz Samirin atası və onun dostları idi. O vaxt Azərbaycanda olan bütün gülçülər gəlirdən, qazancdan imtina edib satacaqları qərənfilləri əvvəl Bakının küçələrinə, sonra da Şəhidlər Xiyabanına səpdilər.
Bu gün yenə həmişə olduğü kimi Elçin Samirin yanına bir dəstə ağ gül üçün gəlmişdi. Samir onu görən kimi gül dəstəsini vermək üçün salondan çıxıb Elçinlə görüşdü və gül dəstəsini ona uzadıb:
– Allah rəhmət eləsin, qardaş, dedi.
Elçin gülü götürüb maşını qəbiristanlığa sürdü. O, asta addımlarla məzara yaxınlaşıb gülləri qəbrin üstünə qoydu. Sonra məzar daşının üzərindəki qadın şəklini silib öpdü. Bu şəkil uzaqdan hamını özünə cəlb edirdi. İri ala gözlər, çiyninə qara örpək kimi tökülən saçlar və üzündə əbədi həkk olunmuş kədərli təbəssüm. Bu Aynanın ölümündən bir az əvvəl çəkilən şəkli idi. Ayna çox gözəl idi. O, yaddaşlarda beləcə gözəl, cavan, gulərüz, şən və cazibədar bir qadın kimi qalmışdı. Atası öldükdən sonra Ayna anasıyla yaşayırdı. Anası şəhərdə tanınmış həkimlərdən biri idi. Qızını da həkim etmək arzusunda olan İradə xanım həmişə Aynanin dərslərinə xüsusi nəzər yetirər, onu evdə özü imtahan edardi. Ayna dars əlaçısı olmaqla yanaşı, məktəbin sevimlisi idi. O, çox ağıllı, gözəl və şən qız olduğundan onu hami cox sevirdi. Məktəbi bitirdikdən sonra Ayna artıq dəqiq bilirdi ki, anası kimi həkim olacaq.
Belə də oldu. Ayna həkim oldu və anasının baş həkim olduğu xəstəxanada çalışmağa başladı. Elçin o vaxt institutu təzə bitirmişdi və yeni yaranan şirkətlərin birində adi mühəndis kimi çalışırdı. O, əsas işindən əlavə tibb avadanlıqlarının təmiri ilə də məşğul olurdu. İradə xanım da onun bu işindən yararlanırdı. Elçin ayda bir dəfə İradə xanımın xəstəxanasına gəlir, avadanlıqları yoxlayır, lazım olduqda təmir edirdi. İradə xanım ona yaxşı münasibət bəsləsə də, onların əlaqələrində həmişə bir gərginlik hiss olunurdu. Elçin bilikli və qürurlu oğlan idi. İradə xanım isə ona baş əyməyənləri o qədər də sevmirdi. Bu onun ya həmişə rəhbər vəzifədə olmasından irəli gəlirdi, ya da elə xasiyyəti belə idi. O, hətta yeganə qızıyla münasibətdə də son dərəcə ciddi və zəhmli idi.
O gün Elçin yenə İradə xanımın iş otağında oturub kiçik bir cihazın təmiri ilə məşğul idi.
Qapını döymədən içəri bir qız girdi:
– Oy! Məşğulsuz? Bilmədim, bağışlayın, – deyib qapını örtdü.
– Min dəfə demişəm ki, qapını döyməmiş girmə içəri! Kimə deyirsən? Elə bil evdədir. Elçin, bu şıltaq qız mənim hər şeyimdir! Qızımdır! – deyə İradə xanım qızına haqq qazandırmağa çalışdı.
-Eybi yox,- deyə Elçin gülümsədi və başını aşağı salıb işinə davam etdi.
İradə xanımın iş otağından cıxdıqda Elçin bayaq ərkiyanə qapını açan qızı qəbul otağında gördü. Qız Elçinin çıxdığını görüb yerindən qalxdı:
-Nəhayət!-deyib yenə qapını döymədən İradə xanımın otağına daxil oldu.
Elçin sakitcə başını bulayıb getdi.
Bu hadisədən sonra Elçin İradə xanımın qızını xəstəxanada görmədi. Bəlkə də bu ötəri görüş Elçinin həyatında bir müddətdən sonra adi hadisə kimi unudulub gedərdi, əgər təsadüf olmasaydı. Əslində, həyatda bütün baş verənlər hansısa bir təsadüfün nəticəsi kimi qiymətləndirilə bilər. Baş verənlərin hamısının əsasında ya təsadüfi bir görüş, ya qəfil baş verən gözlənilməz hadisə, ya da sadəcə bir anlaşılmazlıq durur. Qəribə orasındadır ki, insan bütün baş verənləri yaşayır və yalnız sonda dərk edir ki, filan təsadüf olmasaydı hər şey başqa cür olardı.
Elçin anası və kiçik qardaşı Elvinlə yaşayırdı. O, bütün həftəni axşama qədər işləyir, bazar günləri adətən evdə olurdu. Bu bazar da Elçin evdə oturub televizora baxırdı. Birdən, həyətdə hay-haray düşdü. Qonşuda yaşayan uşaqlardan biri qaça-qaça gəlib: “Elçin əmi, Elçin əmi, Elvini maşın vurdu” dedikdə, Elçin ayaqyalın küçəyə qaçdı və qardaşının sağ-salamat bir qadınla danışıb güldüyünü gördükdə sakitləşdi.
Məlum oldu ki, Elvin yolu keçmək istədikdə qadının idarə etdiyi maşın az qala onu vuracaqdı. Lakin qadın vaxtında maşını saxlaya bilib və Elvini məzəmmət etmək üçün maşından düşüb. Elcin qadına yaxınlaşıb üzünə baxdıqda onu dərhal tanıdı.
-Siz İradə xanımın qızısınız?
-Bəli. Anamın adı İradədir.
Elçin gülümsəyərək əlini qıza uzadıb:
-Gəlin tanış olaq. Adım Elçindir. Mən də bir növ sizin həmkarınız sayılıram. İradə xanımın tibb cihazlarını təmir edirəm.
-Aaaaa!!! Yadıma düşdü. Bir il bundan əvvəl sizi anamın iş otağında görmüşdüm. Mən bir il Türkiyədə oxudum və indi yenə anamın yanında işləyəcəm. Adım Aynadı. Bu oğlan az qala…
– Günah özündədir. Narahat olmayın. İkinizə da keçmiş olsun. Bəlkə bir stəkan çayımızı içəsiniz?
– Çay yox, amma bir stəkan soyuq su içərəm. Yaman qorxdum, deyə qız maşının qapısını bağladı və Elçinlə onlara getməyə razılıq verdi.
Elçinin anası Humay xalanın küçədəki hay-haraydan xəbəri olmadığından Elçinlə gələn qızın oğlunun qonağı olduğunu zənn edib al-ayağa düşdü. Ayna bu mehribançılığı və qonaqpərvərliyi qiymətləndirsə də, sudan başqa heç nə istəmədi.
Elçinin yaşadığı ev Aynanın yaşadığı dəbdəbəli evdən çox fərqlənirdi. Elçingil çox kasıb yaşayırdılar. Atası öldükdən sonra Elçin evi zorla dolandıra bilirdi. Onların yaşadığı iki otaqlı mənzilin çoxdan təmirə ehtiyacı olsa da, buna maddi imkanı yox idi. Lakin Humay xanım o qədər qənaətcil və səliqəli idi ki, evin təmirsizliyi o qədər də gözə çarpmırdı. Evdən həmişə təmiz tər çiçək qoxusu gələrdi. Bunun sirrini Humay xarumdan qonşu qadınlar soruşanda o, belə cavab verirdi:
– Bir qədər az danışın, üz-gözünüzlə az məşğul olun. Bütün günü evinizin təmizliyinə sərf edin ki, sizin də evinizdən gül qoxusu gəlsin.
Ayna Elçinin bu kiçik evinin gözəl və təmiz aurasına valeh oldu. Həqiqətən, bu kasıb kiçik mənzilə gələn getmak istəmirdi. Humay xalanın mehriban, xoş xasiyyəti hamını məmnun edirdi. Onun hər kəlməbaşı “qurban olum”, “gözlərinə qurban” kimi ifadələri Ayna anasından heç vaxt eşitməmişdi. Ayna, həqiqətən buradan getmək istəmirdi. Ona elə gəlirdi ki, o, bu evdə dəfələrlə olub və indi də köhnə dostunun, tanışının evindədir. Ayna Humay xalanın gətirdiyi bir bardaq suyu içib təşəkkür edərək
-Bağışlayın, getməliyəm, – deyib ayağa qalxdı. Elçin onu maşına qədər ötürüb evə qayıtdı, bir qədər divanda oturub fikrə getdi, nələrsə düşündükdən sonra eyvana çıxdı. Humay oğluna heç bir sual verməsə də, onun əhvalının dəyişdiyini o saat hiss etdi.
Ayna yolboyu Humay xalanın şirin sözlərini, Elçinin sadə və səmimi qonaqpərvərliyini, balaca Elvinin gülərüzlüyünü yada salıb gülümsəyərək öz-özünə deyirdi: “Nə gözəl insanlardı. Tamamilə başqa bir həyat yaşayırlar. Bəlkə, bir qədər çətin, əziyyətli, amma nə qədər səmimi və açıqdılar”.
Ayna evlərinə yaxınlaşdıqca maşını, sanki qara, ağır bir buludun içinə sürürdü. Qəribəsi bu idi ki, Ayna həmişə öz evlərində belə bir ağırlıq hiss edirdi. Bu evdə har şey var idi. Ehtiyac nə olduğunu bu ailə heç vaxt hiss etməmişdi. Elə bil, evlərində hər şey rahatlıq uçun deyil, kiməsə, nəyisə nümayiş etməkdən ötrü idi. Hər dəfə evə yeni bir əşya alınanda İradə xanım mütləq rəfiqələrindən birini qonaq çağırır, hər dəfə bir yerə istirahətə gedəndə mütləq şəkillərini rəfiqələriylə paylaşırdı. Aynaya ela gəlirdi ki, anası öz həyatını başqalarına nümayiş etdirməklə, əslində öz bədbəxtliyini, qadın kimi sevgidən, məhəbbətdən məhrum olduğunu gizlətmək istəyir.
Ayna tam başqa bir həyat yaşamaq arzusunda idi. O, anasının yaşadığı həyat tərzini heç bəyənmir, amma heç vaxt onun dediklərindən çıxmırdı. Çünki hələ atası sağ ikən bu evin çox ciddi və sərt qanunları böyüyə hörmət, İradə xanıma xüsusi ehtiram var idi. Ayna bax beləcə, sıxıcı bir şəraitdə yaşayırdı. Bəlkə, elə bu səbəbdən bu gün Elçingildə gördüyü sadəlik, səmimilik onu valeh etdi.
O, maşını qaraja saldıqdan sonra evlərinə qalxıb paltarını dəyişib bir fincan gəhvə içdi və nədənsə gözlərini bir nöqtəyə zilləyib xeyli bu vəziyyətdə qaldı.
“Pul əl çirkidir” – deyənlərlə razılaşmaq çətindir. Pullu insanlar təbii ki, cəmiyyətdə özlərini rahat hiss edirlar. Həmişə istədiklərini ala biləcəkləri onlarda müəyyən bir arxayınçılıq yaradır. Müxtəlif vəziyyətlərdən pullu İnsanlar daha rahat və özünə inam hissiylə çıxa bilirlər.
Pul qazanmaq ayıb deyil və əksər hallarda pullu adamlar heç də ağılsız adamlar deyillər. Əksinə, adətən onlar ətrafda yaşayanlardan ağıllı və çevik olurlar. Lakin hayatda baş verən hadisələr sübut edir ki, bəzən pulun da həll edə bilməyəcəyi məsələlər var.
Aynanın hər iki babasının kökləri Qarabağ bəylərinə gedib çıxırdı. Qədim Şuşa qalası həmişə bu evdə sevgiylə anılardı. İradə xanım və həyat yoldaşı erməni işğalı altında olan Şuşanı yenidən görmək arzusuyla yaşayırdılar. İradə xanım Şuşada onun dayılarına məxsus evlərin olduğu haqqında tez-tez danışırdı. Aynanın atası həmişə yüksək vəzifələrdə çalışdığından evlərində heç vaxt pula ehtiyacları olmurdu. Buna baxmayaraq, anası İradə xanım ilk gündən xanım olmaqdan imtina edərək həmişə işləməyə üstünlük vermişdi. O, institutu bitirdikdən sonra xəstəxanaların birində həkim, sonralar da özəl klinikaların birində baş həkim kimi çalışırdı. İradə xanmı şəhərdə çox adam tanıyırdı. O, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü bir qadın idi. Lakin öz işini çox gözəl baçarırdı. İradə xanımın pula, var-dövlətə münasibəti fərqli idi: “Həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıçı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”.
Həyatla bağlı baxışlarına görə Aynanın anası ilə münasibətlərində müəyyən gərginlik olurdu. Həyatını yeganə qızına həsr etən İradə xanıma elə gəlirdi ki, Ayna onun sözündən heç vaxt çıxmamalı, həmişə onun dediyi yolla getməlidir. Ayna isə hələ uşaqlıqdan müstəqilliyi, fərdi düşünməyi sevirdi.






