Azərbaycan növbəti mötəbər futbol turnirinə ev sahibliyi edir
Beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübəyə malik Azərbaycan növbəti mötəbər futbol turnirinə ev sahibliyi edir.
Pressline.az xəbər verir ki, tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı məhz paytaxt Bakıda təşkil olunur.
Bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.
Prezidentin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub.
Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb.
Kompleksdəki 10 futbol meydançasında turnir çərçivəsində 1000-ə yaxın oyun keçiriləcək.
Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmilər turnirdə iştirak edirlər.








