Niyazi Bayramov şəhid ailələri ilə birgə “44” filmini izləyib – Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələrinin üzvləri ilə birgə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filmini izləyib.
Pressline.az xəbər verir ki, filmin nümayişində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Əvvəlcə şəhər rəhbəri şəhid ailələri ilə görüşüb, çay süfrəsi ətrafında səmimi söhbət edib. Görüş zamanı onların təklif və müraciətləri dinlənilib.
Daha sonra rəsmilər şəhid ailələri ilə birgə “Gəncə Mall” Ticarət Mərkəzində yerləşən kinoteatrda “44” bədii filmini izləyiblər.
Qeyd edək ki, “44” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib. Film bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində baş verən hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda mübarizəyə qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını əks etdirir.
Filmin çəkilişləri Bakı, Gəncə, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
Ekran əsəri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və tarixi yaddaşın qorunmasına xidmət edir.













