İran ordusu hərəkətə keçdi: PJAK-ın strateji bazası vuruldu
Ölkə.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi SEPAH-ın rəsmi bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, İran təhlükəsizlik qüvvələri uzunmüddətli kəşfiyyat müşahidələri və əməliyyat nəzarəti nəticəsində PJAK-ın mühüm obyektlərindən birinin yerini müəyyənləşdirib.
SEPAH bildirib ki, hədəfə alınan mərkəz qruplaşma üçün strateji əhəmiyyət daşıyıb. Burada silahlı dəstələrin toplantıları və döyüş hazırlığı təlimləri keçirilirmiş.
İran tərəfi əməliyyatı qabaqlayıcı hərbi tədbir kimi qiymətləndirib.
Qeyd edək ki, PJAK (Kürdüstanın Azad Həyatı Partiyası) əsasən İran ərazisində fəaliyyət göstərən, kürdlərin hüquqlarının genişləndirilməsini müdafiə edən silahlı təşkilatdır. Tehran bu qruplaşmanı terror təşkilatı hesab edir.
Hücum nəticəsində ölən və yaralananlar, eləcə də obyektə dəymiş ziyanın miqyası barədə hələlik məlumat açıqlanmayıb.








