Azərbaycanın bərpaolunan enerji üzrə imzalanmış müqavilələrinin gücü 8 GVt-ı ötüb
“Azərbaycanın bərpaolunan enerji sahəsində imzaladığı müqavilələr çərçivəsində nəzərdə tutulan güc 8 GVt-ı ötüb”.
Pressline.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, ölkədə iqtisadi artımın davam etməsi, qeyri-neft sektorunun genişlənməsi və ixracın artması enerji tələbatını da yüksəldir:
“Belə ki, 2021-2025-ci illərdə qeyri-neft sənayesi 1.5 dəfə artıb. Bu proses enerji təchizatının genişləndirilməsi ilə yanaşı, karbon emissiyalarının azaldılması və ətraf mühitin qorunması məsələlərini də aktuallaşdırır. İqtisadi artım davam edir, qeyri-neft sənayesi genişlənir, ixrac artır. Təbii ki, bu, enerji tələbatının da yüksəlməsinə səbəb olur. Ona görə də alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
“Azərbaycan artan enerji tələbatını qarşılamaq və yaşıl enerji keçidini sürətləndirmək məqsədilə bir sıra regional enerji layihələrinə start verib. Xəzər dənizi, Qara dəniz, Avropa və Mərkəzi Asiya istiqamətlərini əhatə edən yaşıl enerji dəhlizləri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ölkədə bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsinin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu sahədə imzalanmış müqavilələr üzrə ümumi güc 8 GVt-ı ötüb”, – deyə S.Bəşirli əlavə edib.








