2.07.2026

Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq

 

Günəşdə müşahidə olunan nəhəng ləkələr qrupu son 24 saat ərzində əhəmiyyətli dərəcədə böyüyərək son 10 ilin ən iri aktiv bölgələri arasında ikinci yerə yüksəlib.

Pressline.az  xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri məlumat yayıblar.

Məlumata görə, aktiv zonanın sahəsi hazırda 1550 vahidə çatıb. Son on ildə bu göstəricini yalnız 2024-cü ilin mayında qeydə alınmış məşhur 3664 nömrəli Günəş ləkəsi üstələyib. Əsas aktiv bölgədən təxminən 500 min kilometr şimal-qərbdə yerləşən 4479 nömrəli digər Günəş ləkəsinin də böyüməyə davam etdiyi bildirilir.

Alimlərin müşahidələrinə əsasən, Günəş alışmalarının aktivliyi kəskin artıb. Proqnozlara görə, bu bölgələrdən kosmosa atılan ilk plazma axınları cümə axşamını cüməyə bağlayan gecə Yerə çata bilər.

Mütəxəssislər geomaqnit pozuntularının G2, hətta G3 kateqoriyalı maqnit qasırğası səviyyəsinə yüksələ biləcəyini istisna etmirlər.

Buna baxmayaraq, Şimal yarımkürəsində qütb parıltılarının müşahidə olunması ehtimalı çox aşağı qiymətləndirilir. Bunun əsas səbəbi isə ilin bu dövründə gecələrin qısa və kifayət qədər işıqlı olmasıdır.

Laboratoriyanın məlumatına görə, Günəşin fırlanması nəticəsində aktiv bölgələr tədricən Yer-Günəş xəttindən qərb istiqamətinə uzaqlaşır. Gözlənilir ki, həftənin sonuna qədər vəziyyət tam sabitləşəcək və hətta çox güclü Günəş alışmaları belə Yerə təsir göstərə bilməyəcək.

Alimlər bildirirlər ki, bu gün Günəşdən birbaşa plazma zərbələrinin Yerə çatması üçün son əlverişli vaxt hesab olunur. / Müəllif: Adəm

Xəbər lenti